Türkiyənin 12-ci prezidenti – Ərdoğan ad gününü QEYD EDİR

Bu gün – 26 fevral tarixi Türk dünyasının önəmli simalarından biri – Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür

Turkustan.info-nun məlumatına görə, Rəcəb Tayyib Ərdoğan 1954-cü ilin 26 fevral tarixində İstanbulun Qasımpaşa bölgəsində doğulub.
1965-ci ildə ibtidai məktəbi bitirib, 1973-cü ildə lisey məzunu olub. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində alıb.
1976-ci ildən siyasətə qoşulub və Milli Səlamət Partiyası Bəyoğlu Gənclər şöbəsinin sədri seçilib. Daha sonra partiyanın İstanbul vilayət başçısı seçilib.
1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla bir il sonra – 4 iyul 1978-ci ildə evlənib.

Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı dünyaya gəlib.

1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirib. Hərbi xidmətdən döndükdən sonra özəl şirkətlərdə çalışıb.

Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən,1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçilib. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olub.
1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürüb. Bu seçkilərdə limiti aşan Rifah Partiyasından Ərdoğan da millət vəkili olub. Lakin Yüksək Seçim Qurumu müxtəlif bəhanələrləonun deputat mandatını ləğv edib.

27 mart 1994-cü ildə keçirilən seçkilərdə Ərdoğan İstanbul Bələdiyyəsinin sədri seçilib. 1998-ci ilə kimi bu vəzifədə çalışıb.

Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə Siirtdə keçirilən mitinq zamanı oxuduğu bir şeirə görə həbs olunub. Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən, xalqı dini və irqi ayrı-seçkiliyə görə kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən 1 il həbs cəzası alıb və 860 mln. TL cərimələnib. Daha sonra bu cəza 10 ay həbs və 176,666,666 TL pul cəzası ilə əvəzlənib. 10 aylıq həbsin 4 ayını məhbəsdə yatan Ərdoğan əfv olunaraq azadlığa çıxıb.

14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfdarları ilə birgə Ədalət və İnkişaf Partiyasını (AKP) yaradıb və qurumun sədri seçilib

AKP 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq, təkbaşına Türkiyədə iqtidara gəlib. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilib.

O, 2003-cü ildə Türkiyədə 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olub.

Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayanıb, kəskin inflyasiyanın qarşısı alınıb. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxarıb.

Eyni zamanda siyasi sahədə də Türkiyə fərqli siyasi xəttə keçib.

28 avqust 2014-cü ildə R.T.Ərdoğan Türkiyə prezidenti seçilib.

24 iyun 2018-ci il tarixində Rəcəb Tayyib Ərdoğan ikinci dəfə Türkiyə Cümhuriyyətinin dövlət başçısı seçilib.

Rəylər

OXŞAR XƏBƏRLƏR