SpaceX yaxın günlərdə Starship-in ilk orbital uçuşunu reallaşdırmağa yenidən cəhd göstərəcək

SpaceX şirkəti dünən Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmalı idi. Lakin kosmik gəminin sürətləndirici raketindəki təzyiq klapanında olmuş problem səbəbilə şirkət ilk orbital uçuşu təxirə salmalı oldu. İndi isə SpaceX-in Twitter hesabında vermiş olduğu məlumata əsasən o, Starship-in ilk orbital uçuşunu 20 aprel tarixində reallaşdırmağa yenidən cəhd göstərəcək. İlkin orbital uçuş çərçivəsində kosmik gəminin Yer kürəsi ətrafında dövr etməsi və daha sonra Havay adalarının yaxınlığında eniş etməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Starship SpaceX şirkətinin ən vacib layihələrindən biridir. Starship həmçinin SpaceX-in növbəti inkişaf mərhələsinə qədəm qoyacaq. Starship-in rəsmi kosmik missiyalarda iştirak etməsi üçün o, ilk növbədə test uçuşlarından uğurla keçməlidir. Buna görə də şirkət onun ilk orbital uçuşunu reallaşdırmaq istəyir. SpaceX-in planına əsasən gələcəkdə Ay və Mars missiyalarında məhz Starship-dən istifadə ediləcək.