Qurban Qurbanov: “Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Qalatasaray” klubuna qarşı xeyriyyə oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, o, matçı belə şərh edib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Təşkilatçılara təşəkkür edirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı futbol oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. Azarkeşlərə belə dəyər verdiklərinə görə təşəkkür edirəm. “Qalatasaray”a uğurlar arzulayıram. Çox yaxşı performansı olan kollektivdir, çempionatda liderdirlər. Onlara uğurlar arzulayıram”.

50 yaşlı mütəxəssis “Qalatasaray”ın Bakıya gec gəlib, tez qayıtmasına münasibət bildirib:

“İnciyəcək bir şey yoxdur. Xırda detallara görə narazılıq etmək bizə düşməz. Böyük klublardır. Onların hər saatı işləri üçün əhəmiyyətlidir. Bəzən biz özümüz də səfərlərdə tələsirik. Bu, ilk görüşdür. Belə bir oyun olması yadıma gəlmir. Həmişə çatışmazlıqlar olur. Əsas oyunun mahiyyətini düşünməliyik. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə bir fikir olmaması daha yaxşı olar. Onları gülə-gülə, təşəkkür edərək yola salırıq”.

Baş məşqçi oyunun hakimi Əliyar Ağayevin penalti təyin etməsi və “Qarabağ”a bir belə bir borcunun qalması ilə bağlı sualı bu cür cavablandırıb:

“Nə kiməsə borclu qalmaq istəyirik, nə də kimdənsə borc almaq. Heç nəyə ehtiyacımız yoxdur. Var idi ki verdi. VAR sisteminin olduğu deyilirdi. Deməli, penalti var idi ki, baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün olmaz. Yoldaşlıq matçı olsa da, idarə etmək asan deyildi. İlk hissədə rəqibdən narazılıqlar oldu. Onları başa düşmək olar. Çox bahalı futbolçuları var, belə matçda zədələnmək istəməzlər. Biz də istəmərik. Hakim səhv etmək istəmirdi”.

Q.Qurbanov “Qarabağ”ın heyətində “Qalatasaray”da oynaya biləcək futbolçuların dəqiq sayını söyləyə bilməyəcəyini qeyd edib:

“Dəqiq cavab verə bilməyəcəyəm. Mənim futbolçularım burada oynamağa daha layiqdirlər. Tam fərqli çempionatlar, kollektiv, oyun üslubudur. Amma hər bir futbolçumu orada görmək istəyərəm. Bəlkə də, tez uyğunlaşarlar. Burada onların ustalığını daha yaxından tanıdım. Onlara söz yoxdur. Hər epizodda, topla davranmalarında görünürdü. Burada “Qalatasaray”ın oyunçularına daha çox dəyər verdim”.

Çalışdırıcı gələcəkdə belə matçların təkrarlanmasını istədiyini əlavə edib:

“Belə bir oyuna görə “Qalatasaray” rəhbərliyinə təşəkkür edirəm. Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun. “Qalatasaray”, “Beşiktaş”ı görmək istəyərik. Bu oyun çox gözəl başlanğıc oldu. Belə oyunlar futbolu azarkeşlərə sevdirir, oyunçulara inam verir. Bu gün çempionatlar arasında fərq böyükdür. Amma belə oyunlar keçirdikdə hər kəsin futbola sevgisi daha da böyüyür. Belə oyunların daha çox olmasını istəyərik. Qardaşlarımızla belə oyunlar keçirməkdən şad olarıq. Türkiyə xalqına, futboluna uğurlar arzulayıram. Biz həmişə bir-birimizin yanındayıq”.

Baş məşqçinin sözlərinə görə, milli komandadakı futbolçular heyətdə olsaydı, daha baxımlı futbol göstərərdilər:

“Nəticəni deyə bilmərəm, amma daha baxımlı futbol ola bilərdi. Oyunun sonuna qədər yuxarı tempdə davam edə bilmədik. “Qalatasaray”da da çatışmazlıqlar var idi. Heyət fərqli olsaydı, daha baxımlı futbol izləyərdik”.

Rəylər

You may also like...