Prezidentin köməkçisindən BMT TŞ-də Qarabağ müzakirələri ilə bağlı AÇIQLAMA

“25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilib”.

Bunu Prezidentin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mediaya açıqlamasında deyib.

H.Hacıyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələrin 1995-ci ildə keçirilməsini təəssüf hissi ilə qeyd edib:

“BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanır və Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.

19 oktyabrda BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nin sədri adından bəyanat layihəsi hazırlanıb.

Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Sözügedən layihə, əsasən, Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb”.

“BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər.

Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nın sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.

Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb”, – deyə H.Hacıyev qeyd edib.

H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək, ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edib.

Vurğulanıb ki, Qoşulmama Hərəkatının Sədri kimi, 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi, bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcək:

“Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyev bütün QH üzv ölkələrinə müraciət edərək Bandunq Prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırır”.

Rəylər

OXŞAR XƏBƏRLƏR