Peşə təhsili müəssisələrinə sənəd verən şəxslərin sayı açıqlanıb

Ötən gün peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbuluna ayrılan müddət yekunlaşıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2 sentyabr tarixlərində keçirilən sənəd qəbulu zamanı uğurlu nəticə göstərənlərin 84.2 faizi müvafiq sənədlərini qəbul olduqları peşə təhsili müəssisələrinə təqdim ediblər.

2020-2021-ci tədris ili üzrə müraciət edən şəxslər arasında yalnız ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər deyil, həmçinin orta ixtisas və ali təhsili başa vurmuş şəxslər də yer almaqdadır. Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi çərçivəsində 109 orta ixtisas təhsilli və 73 ali təhsilli şəxs müraciət edib.

Qısa müddət ərzində boş qalan yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək. I mərhələdə olduğu kimi peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər II mərhələdə də, elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Qeyd olunan mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə məlumat yaxın günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində yer alacaq.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Həmçinin cari tədris ilindən başlayaraq ilk dəfə olaraq tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunur.

Rəylər

OXŞAR XƏBƏRLƏR