Cəmiyyət
Azərbaycanda Enerji Günləri keçiriləcək
"Bu il Azərbaycanda Merlər Razılaşması layihəsi çərçivəsində Enerji Günlərinin təşkil edilməsi nəzərdə tutulur". Oxu.Az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsünə həsr olunmuş tədbirdə Merlər Razılaşmasının Yerli Dayanıqlı İnkişaf üzrə koordinatoru Maksim Vereşçak açıqlama verib. O qeyd edib ki, Merlər Razılaşması çərçivəsində reallaşdırılması gözlənilən digər bir fəaliyyət istiqaməti Enerji Günləri - 2026 layihəsidir: "Bu cür tədbirlər, adətən, "Avropa Dayanıqlı Enerji Həftəsi" çərçivəsində baş tutur. Böyük ehtimalla, mart ayının sonuna qədər şəhərlərinizdə reallaşdırmaq istədiyiniz fəaliyyət və tədbir ideyalarını toplayacağıq. Bundan əlavə, cari ildə Azərbaycan da daxil olmaqla, 200-dən artıq iştirakçının qatılacağı irimiqyaslı konfrans keçirəcəyik. Söhbət bu ilin may ayında Moldovada baş tutacaq Merlər Razılaşmasının təsis edilməsinin 15 illiyinə həsr olunmuş konfransdan gedir". M.Vereşçak əlavə edib ki, ölkəmizdə Merlər Razılaşmasına qoşulan bələdiyyələrin sayının artacağı proqnozlaşdırılır: "Biz Merlər Razılaşmasına sadiq qalan bələdiyyələrin sayının çoxalmasını arzulayırıq və bu təşəbbüsə qoşulmaq üçün bələdiyyələrə atdıqları ilk addımlarda dəstək olmağa hazırıq. Növbəti mərhələ isə şəhərlərin əsas öhdəliklərindən sayılan Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planının (SECAP) hazırlanmasında köməklik göstərməkdir". Məlik Məlikov
Mənbə
oxu.az