Cəmiyyət
Xalq artisti Nisə Qasımovanın doğum günüdür
Xalq artisti Nisə Qasımovanın doğum günüdür. Oxu.Az xatırladır ki, Nisə Fətulla qızı Qasımova 1954-cü il Bakı şəhərində anadan olub. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayıb. Atası Fətulla kişinin tam fərqli sahədə, yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradıb. Səkkiz yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçməyib ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib, doqquz yaşında xorun gənc solisti olub. Nisə Qasımova 1971-ci ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki "Lalə qızlar ansamblı"na solist kimi dəvət olunub. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edib. Bundan əvvəl SSRİ Xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayıb. Bəlkə də, bu olay gələcəkdə hər iki müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olub.
1972-73-cü illərdə bir-birinin ardınca "Ay ellər", "Sənsən həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edib. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı, Tbilisidə Nisə xanımın ilk kasetləri də işıq üzü görüb. Müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şayiələrin yayılmasına səbəb olub. Kimi onu "alman gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukraynalı olması barədə fikirlər irəli sürüb. Bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnısını ifa edib. 1975-ci ildə, 21 yaşında olarkən Nisə xanım artıq Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət Elektromusiqi Orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansamblla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və s. mahnılarından ibarət albom lentə aldırıb. Nisə xanımın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olub. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olaraq, Moskvadakı fəaliyyətindən uzaqlaşmalı olub. 1980-ci ildə SSRİ-nin "S pesnyami po jizni" beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırıb. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alıb. Bu sevindirici olayın ardından Nisə xanıma "Özbəkfilm"də istehsal olunan "Alovlu yollarla" bədii filminə çəkilmək üçün təklif gəlib. Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında xoşagəlməz hallar baş verib. Əvvəlcə Ələkbər Tağıyevin, daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdıb və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırıb. Nəhayət üçillik fasilədən sonra səhnəyə qayıdan müğənni Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərimizdən kənarda - Danimarka, İslandiya, Türkiyə, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verib. 1989-cu ildə müğənni "Əməkdar artist" adını alıb. Nisə Qasımova 1997-ci ildə Bakıda konsert verdikdən sonra Moskvaya köçüb. Üç ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönüb və burada yaşamağa başlayıb. Bir neçə dəfə solo konsertlər verib, Nisə Qasımova Fondunu yaradıb, fərqli illərdə musiqi albomları buraxıb. 2008-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" adına layiq görülüb.

Mənbə
oxu.az