Cəmiyyət

Xalq rəssamı Mikayıl Abdullayevin doğum günüdür

19 Dec 2025, 10:46 1 baxış
Xalq rəssamı Mikayıl Abdullayevin doğum günüdür
Dekabrın 19-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, "Cəvahirləl Nehru" Beynəlxalq Mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin doğum günüdür. Oxu.Az xatırladır ki, Mikayıl Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. 1935-1939-cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda (indiki Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi) Səttar Bəhlulzadənin sinfində dərs alıb.
Azərbaycan rəssamlıq məktəbinin böyük simalarından olan Mikayıl Abdullayevin təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çox sayda tematik lövhə, mənzərə və natürmortunda doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm edib, dahi Nizaminin "Xəmsə"sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb.
Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıdıb. Mikayıl Abdullayev 2002-ci il avqustun 22-də vəfat edib. Görkəmli rəssam Mikayıl Abdullayevə aid təqdim etdiyimiz foto Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materiallar fondunda qorunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər