Siyasət
Deputat: "Vicdan" anlayışına qanunvericilikdə tərif mümkün deyil"
"Mənəviyyatın nizamlama dairəsi daha genişdir, hüququn əhatə dairəsi isə daha dardır". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı Erkin Qədirli "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsinin müzakirəsində deyib. Deputat bildirib ki, hüquqşünaslıqda və qanunvericilikdə mənəviyyatdan götürülmüş, lakin tərifi verilməmiş anlayışlar var: "Belə anlayışlardan biri də vicdandır. Müxtəlif qanunvericilik aktlarımızda "vicdan" sözü işlədilir və bunun çoxsaylı nümunələri var. Təkcə Mülki Məcəlləni götürsək, orada kökü vicdan olan nə qədər sözə rast gəlmək olar: vicdanlı, vicdansız, vicdansızcasına. Amma heç yerdə "vicdan" anlayışı açıqlanmır, onun tərifi verilmir. Bu isə qanunvericilikdə boşluq olması demək deyil. Bu, hüququn öz mahiyyətindən irəli gələn və qanunvericilikdə məqsədli şəkildə açıq saxlanılan anlayışdır. Çünki vicdan situativ anlayışdır". E.Qədirli əlavə edib ki, vicdan məsələsi konkret situasiyada müəyyənləşir: "Onun müxtəlif əlamətləri var. Bu əlamətlər, o cümlədən digər qanunvericilik aktlarında və məhkəmə praktikasında, Ali Məhkəmənin şərhlərində açıqlanıb. Eyni zamanda, dövlət qulluğunda etik davranış qaydaları, eləcə də Milli Məclis deputatlarının etik davranış qaydalarını müəyyən edən qanunvericilik aktları mövcuddur. Bu qaydalar ümumi şəkildə müəyyən edilib. Lakin vicdan anlayışına konkret tərif vermək mümkün deyil. Çünki həyat dəyişir, həyata baxışlar dəyişir, vicdan duyumu da dəyişir. Hətta eyni cəmiyyətdə nəsillərarası münasibətlərdə belə bunu görmək mümkündür".
Mənbə
oxu.az