Dünya
Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem Məhəmməd əl-Bədəvi İranın üzv dövlətlərə qarşı təkrarlanan hücumlarını pisləyib. Oxu.Az "Azad İran"ın "Telegram" kanalına istinadən xəbər verir ki, əl-Bədəvi bu barədə Manamada keçirilən Şuranın Nazirlər Şurasının iclasında danışıb. O, hücumların üzv ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib. Əl-Bədəvi vurğulayıb ki, İranın KƏŞ-ə üzv dövlətlərə qarşı hücumlarına göz yummaq olmaz. Onun sözlərinə görə, bu hərəkətlər həmin ölkələrin təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid yaradır. KƏŞ-in baş katibi Hörmüz boğazındakı vəziyyətə də toxunub. O bildirib ki, İranın hərəkətləri boğazda gəmiçiliyin təhlükəsizliyini təhdid edir. Əl-Bədəvinin sözlərinə görə, bu mühüm beynəlxalq su yolundan təzyiq vasitəsi kimi istifadə cəhdləri beynəlxalq ticarət və qlobal enerji təchizatı üçün ciddi risklər yaradır.
Mənbə
oxu.az