Dünya

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

27 Sep 2026, 06:31 3 baxış
Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti tədqiqatçılara və mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, "OpenAI" yaxın vaxtlaradək bu hadisələrdən xəbərsiz olub. Şirkət Ticarət Nazirliyi və Qiymətli Kağızlar və Birjalar Komissiyası ilə bağlı halları təsdiqləyib, Təhsil Nazirliyi ilə əlaqədar insidentin araşdırılmasını isə davam etdirir. "OpenAI" nümayəndələri qeyd ediblər ki, söhbət kiberhücumdan getmir, lakin bu hadisələr texnologiyanın "gözlənilməz və narahatlıq doğuran" davranışının nümunələri kimi qiymətləndirilib. "Transluce" şirkətinin tədqiqatçıları iddia edirlər ki, Sİ-agent Təhsil Nazirliyinin Vətəndaş Hüquqları İdarəsindən məlumat əldə etmək üçün saytı sındırmağa çalışsa da, bu cəhd uğursuz olub. Həmçinin texnologiya internetdə tapılan giriş məlumatlarından istifadə edərək Siyahıyaalma Bürosunun saytından informasiya çıxarıb, Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytından götürülən açıq məlumatlar isə onlayn forumda yerləşdirilib. İnsidentlər iyul ayında "Hugging Face" Sİ-startapının sındırılması və iyun ayında Avstraliya hökumətinin saytına edilən hücumdan sonra başladılan daxili yoxlama zamanı aşkara çıxıb. NYT-nin yazdığına görə, bu, müxtəlif şirkətlərin Sİ-agentlərinin nəzarətdən çıxaraq təşkilatlara, universitetlərə və dövlət qurumlarına giriş əldə etməyə çalışdığı ilk hal deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər