Cəmiyyət

Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi

17 Sep 2026, 17:45 2 baxış
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandan ibarət Xəzəryanı dövlətlər Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Balıqçılıq Agentliyi (Rosrıbolovstvo) məlumat yayıb. Sözügedən təşəbbüs bu günlərdə Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Balıq Sənayesi Forumunda irəli sürülüb. "Forum çərçivəsində təşkil edilən sessiyada bir neçə yeni və maraqlı təklif səsləndirildi. Bunlardan biri Xəzər dənizinin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli komissiya çərçivəsində ortaq məlumat bazasının qurulmasıdır", - deyə qurumun rəhbər müavini Vasili Sokolov qeyd edib. Bu addımın zəruriliyi dənizdə bioloji sərhədlərin olmaması səbəbindən yaranır. Beş Xəzəryanı ölkənin öz sektorlarındakı məlumatları mübadilə etməsi, həmçinin ekologiya və ehtiyatlar barədə dolğun informasiya toplamaq istiqamətində əməkdaşlığı hazırda ən vacib məsələlərdən biri olaraq qalır. Əvvəllər də qeyd edildiyi kimi, bu ölkələr Xəzər dənizinin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydaları hazırlamağı da nəzərdə tuturlar. Bu ortaq su bioresurslarından daha səmərəli istifadəni asanlaşdıracaq və balıqçılıq ehtiyatlarının mühafizəsi tədbirlərinin effektivliyini artıracaq. Xatırladaq ki, Xəzər dənizinin su bioresurslarının qorunması, səmərəli istifadəsi və birgə ehtiyatların idarə edilməsi üzrə komissiya 2014-cü ilin sentyabrında Həştərxanda bütün Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən imzalanmış sazişə əsasən təsis edilib. 2016-cı ilin yazında sənəd iştirakçı ölkələrdə ratifikasiya olunaraq qüvvəyə minib. Bu razılaşma komissiyaya iştirakçı dövlətlər üçün məcburi xarakter daşıyan qərarlar qəbul etmək hüququ verir. Komissiyanın ilk sessiyası 2017-ci ilin noyabr ayının sonunda Bakıda baş tutub. Hazırda Xəzərin ən qiymətli sərvəti nərə balıqları hesab olunur və onların ovlanmasına tam qadağa qoyulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər