Dünya
Dünya neft bazarında həyəcan: Qlobal tədarük 4% azala bilər
Səudiyyə Ərəbistanının əsas neft kəmərini bir neçə gün ərzində yenidən işə salmaması ölkənin ixrac üçün nəzərdə tutulan neft ehtiyatlarının tükənməsinə və qlobal tədarükün 4%-dək azalmasına səbəb ola bilər. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanından neft alan şirkətlərin nümayəndələri və treyderlər bildiriblər. Onların sözlərinə görə, Səudiyyə Ərəbistanından neft axınının daha da azalması onsuz da mövcud olan qlobal yanacaq böhranını dərinləşdirəcək. Böhran dünya üzrə yanacaq qiymətlərinin rekord həddə yüksəlməsinə, inflyasiyanın artmasına və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub. Sentyabrın 11-də pilotsuz uçuş aparatlarının hücumları Səudiyyə Ərəbistanını nəhəng şərq-qərb neft kəmərini dayandırmağa məcbur etdikdən sonra Ər-Riyad zədənin miqyası barədə tam məlumat verməyib. "Reuters"in danışdığı mənbələr müxtəlif qiymətləndirmələr səsləndiriblər. Mənbələrdən biri zədənin bərpasının beş-altı həftəyə qədər çəkə biləcəyini, digəri isə kəmərin daha tez təmir edilə biləcəyini və təmir işləri davam etdiyi müddətdə neft nəqlinin qismən bərpa oluna biləcəyini bildirib. Səudiyyə Ərəbistanı hökumətinin media ofisi və Energetika Nazirliyi "Reuters"in şərh sorğusuna dərhal cavab verməyib. Son altı ay ərzində Ərəbistan yarımadasında səhradan keçərək uzanan bu kəmər Səudiyyə Ərəbistanını Hörmüz boğazının müharibə səbəbindən bağlanmasının qonşu ölkələrin ixracına vurduğu təsirin əsas hissəsindən qoruyub.
Mənbə
oxu.az