İdman

"53" kabusu, "Vanqa" baxışı, "Tvente" rəhbərliyinin cızma-qarası - FOTO

21 Aug 2026, 15:32 2 baxış
"53" kabusu, "Vanqa" baxışı, "Tvente" rəhbərliyinin cızma-qarası - FOTO
Təcrübə, mübarizə, ustalıq, soyuqqanlılıq... Söhbət Konfrans Liqasının pley-offu çərçivəsində çətin hesab olunan "Tvente" səfərindən qələbə ilə dönən yarımcan "Qarabağ"dan gedir. Bəli, yarımcan: Kamilo Duran, Abdullah Zubir, Kevin Medina kimi əsas heyət oyunçuları ilə yollarını ayıran Ağdam təmsilçisinin heyətində bir də zədəli və cəzalı oyunçularının çoxluğu belə deməyə əsas verir. "Qarabağ"ın Niderland təmsilçisi ilə oyununun iştirak ərizəsində 18 futbolçunun yer alması hər şeyi deyir. Bəli, ötən gün qışdan bəri görə bilmədiyimiz "Qarabağ"ı izlədik. Təmsilçimiz belə kasad heyətə baxmayaraq, istəkli olarsa, son anadək savaşarsa, istənilən adlı-sanlı rəqibini məyus etməyi bacardığını yenidən nümayiş etdirdi. "Qarabağ"da Elvin Cəfərquliyevin yoxluğu çox ciddi itki hesab edilirdi. Həmin mövqedə (sol cinah müdafiəçisi) yeni transferi Bruno Lanqanın istənilən effekti verməməsi azarkeşləri məyus edən əsas məqamlardan biri idi. Lakin, sanki hər şey bir anda dəyişmişdi. Lanqa "Tvente" qarşısında "Vanqa performansı" göstərdi. Onun nümayiş etdirdiyi mübarizə, rəqibin ötürmələrini, hücum planını öncədən duyaraq etdiyi uğurlu müdaxilələr belə düşünməyə əsas yaradır. Təcrübəli müdafiəçinin nümayiş etdirdiyi baxımlı oyun bu transferdən "Qarabağ"a yaxın gələcəkdə hələ çox xeyir görəcəyi ümidlərini artırdı. Çoxdandır klubdan ayrılacağı deyilən Yankoviç də son aylardakı futbolçuya bənzəmədi. Gözündə futbol qığılcımı, məğlubiyyətlə heç vaxt barışmamağına alışdığımız, meydanda canını qoyan həmin Yankoviçi uzun zamandan sonra nəhayət izləyə bildik. Meydanın hər qarışı uğrunda savaşan 8 nömrə, "Qarabağ"ın səfər qələbəsində (0:1) əsas açar oyunçulardan oldu. Kevin Medinanın gedişindən sonra müdafiənin mərkəzindəki narahatlıq da dünənki oyunda nisbətən aradan qalxmaqda olduğunu göstərdi. Yeni transfer Bence Varkonyi özünü təcrübəli Bədavi Hüseynovun yanında daha rahat, daha güclü və inamlı hiss edirdi.
Gələk ən maraqlı məqama: 2014-cü ildə "Qarabağ" səfərdə Muarremin 53-cü dəqiqədə vurduğu qol ilə "Tvente" səddini keçərək Avropa Liqasına vəsiqəni təmin etmişdi. 12 il sonra (2026-cı il avqustun 21-i) bu dəfə də Konfrans Liqasının pley-offunda yenə rəqib "Tvente", yenə "Qarabağ"ın 53-cü dəqiqədə vurduğu qol ilk görüşün taleyini həll etdi. Qurban Qurbanovun kasad heyətlə təcrübəli rəqibinə qarşı nümayiş etdirdiyi əzmkar oyun "Tvente" cəbhəsinə od salmağa başladı. Uzun illər "Ayaks"ı çalışdıran, daha sonra "Mançester Yunayted"ə rəhbərlik edən holland mütəxəssis Erik Ten Haq "Tvente"nin idman direktoru kimi ötən gün matçı stadiondan izləyənlər arasında idi. Kadi Borgesin oyunda vurulan yeganə qolundan sonra Ten Haqın dərhal pencəyinin döş cibindən kağız-qələm çıxararaq qeydlər aparması kameralara da tuş gəldi.
Görünür Ten Haq "Tvente"nin hazırkı baş məşqçisinin (Con van den Brom) "Qarabağ"ın öhdəsindən tək gələ bilməyəcəyini 55 dəqiqə sonra hiss etdi, apardığı cızma-qaranı Con van den Broma təqdim edərək Azərbaycan təmsilçisinə qarşı cavab görüşünə məhz apardığı qeydlər əsasında hazırlaşmağı məsləhət biləcək. Bu isə o deməkdir ki, Qurban Qurbanov cavab görüşündə iki mütəxəssisin birgə hazırladığı komandaya qarşı savaşacaq. Asan olacaqmı? Xeyr! Amma "Qarabağ" futbolçuları doğma divarlar arasında da belə istəkli olarlarsa, "Tvente" üçün Bakı səfəri kabusa çevriləcək.
"53" kabusu, "Vanqa" baxışı, "Tvente" rəhbərliyinin cızma-qarası - FOTO "53" kabusu, "Vanqa" baxışı, "Tvente" rəhbərliyinin cızma-qarası - FOTO "53" kabusu, "Vanqa" baxışı, "Tvente" rəhbərliyinin cızma-qarası - FOTO "53" kabusu, "Vanqa" baxışı, "Tvente" rəhbərliyinin cızma-qarası - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər