Dəniz quldurları 2 gəmini ələ keçirdi
Dəniz quldurları Yəmən və Somali sahillərində iki kommersiya gəmisini ələ keçirib.
Axar.az "Hindustan Tayms"a istinadla xəbər verir ki, Eritreya bayrağı altında üzən "Sibu 1" tankeri Yəmən sahillərindən təxminən 30 dəniz mili məsafədə, Ədən körfəzində 6 silahlı tərəfindən ələ keçirilib.
Tankerin göyərtəsində 20 heyət üzvü, o cümlədən 16 Hindistan vətəndaşı olub. Digər dənizçilər Suriya, Sudan və İraq vətəndaşlarıdır, daha bir heyət üzvünün vətəndaşlığı isə hələlik müəyyən edilməyib.
Dəniz Administrasiyası İdarəsinin məlumatına görə, heyət üzvləri təhlükəsiz vəziyyətdədir.
İkinci insident zamanı quldurlar Somalinin Puntlend regionunun sahillərində Kamerun bayrağı altında üzən "Lutuv" yük gəmisini ələ keçiriblər. Onun göyərtəsində 10 heyət üzvü, o cümlədən 6 Hindistan vətəndaşı olub.
Gəmi Marrayya yaşayış məntəqəsindən təxminən 3,5 dəniz mili aralığında ələ keçirildikdən sonra Nuqal sahillərinə yönləndirilib.