Digər
"Vistar" Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası (IAI) və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinin başlaması ilə əlaqədar açılış tədbiri keçirilib. Tədbirdə İRİA, Azərkosmos, IAI və Holon Texnologiya İnstitutunun rəhbər nümayəndələri və ekspertləri çıxış ediblər. Çıxışlar zamanı təlim proqramının iştirakçılara innovativ ideyalarını inkişaf etdirmək, texnoloji həllər hazırlamaq və onları kommersiyalaşdırmaq üçün zəruri bilik və bacarıqlar qazandıracağı bildirilib. Qeyd olunub ki, innovasiya və texnologiya sahəsində ixtisaslı insan kapitalının formalaşdırılması, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında mühüm rol oynayır. Həmçinin "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq ölkədə innovasiya əsaslı iqtisadiyyata keçid istiqamətində ardıcıl addımların atıldığı, bu kimi proqramların isə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli startapların formalaşmasına töhfə verdiyi vurğulanıb. Ümumilikdə "Vistar" Mükəmməllik Mərkəzinin üçüncü dalğasına 149 nəfər müraciət edib və onlardan 48 nəfəri müsahibədən uğurla keçərək təlimlərdə iştirak haqqı qazanıb. Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən "yumşaq bacarıqlar"ın inkişafını hədəfləyir. Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından startaplar formalaşacaq və "Demo Day" tədbirində həmin startaplar öz layihələrini təqdim edəcəklər. Qeyd edək ki, "Vistar" Mükəmməllik Mərkəzinin birinci dalğa təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim proqramı 2 əsas moduldan ibarətdir: "İnnovasiya və sahibkarlıq" və "Peyk innovasiyaları və tətbiqləri". Mərkəzdə indiyədək təlim keçən iki dalğadan ümumilikdə 62 iştirakçı məzun olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az