Səmədoğlunun bu əsərləri ilk dəfə tamaşaçılara təqdim olundu
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan silsilə tədbirlərin yekunu reallaşıb.
Kult.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə çıxış edən Xalq yazıçısı Anar Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb.
Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatının ən görkəmli nasirlərindən biri olduğunu diqqətə çatdıran Anar deyib: “Tanrı Yusif Səmədoğluna elə böyük istedad bəxş etmişdi ki, o, qələmə aldıqlarından qat-qat artıq əsərlər yarada bilərdi. Lakin yazıçının vaxtsız vəfatı bu yaradıcılıq yolunu yarımçıq qoydu. Yusif Səmədoğlunun üzərində işlədiyi əsərlərdən biri də tamamlanmamış qalıb. Onun zəngin yaradıcılıq irsi gələcək nəsillər tərəfindən də daim yaşadılacaq”.
Tədbirin bədii hissəsində Yusif Səmədoğlunun indiyədək teatr səhnəsində göstərilməyən hekayə və nəsr nümunələri vahid kompozisiya şəklində tamaşaçılara təqdim edilib.
Yazıçının müxtəlif əsərlərindən seçilmiş parçalar əsasında hazırlanan səhnə işi onun yaradıcılığının fərqli çalarlarını əks etdirib. Ədəbi-bədii kompozisiya təxminən iki ay davam edən hazırlıq prosesi nəticəsində ərsəyə gəlib.