Dünya
NASA-dan etiraf: Çin ABŞ-ni Ay yarışında qabaqlaya bilər
NASA-nın rəhbəri Cared Ayzekman bildirib ki, Çin Ay uğrunda yarışda ABŞ-ni qabaqlayaraq uzun müddətdən sonra ora ilk insan göndərə bilər. Oxu.Az xəbər verir ki, bu barədə o, CBS telekanalının "Face the Nation with Margaret Brennan" proqramında danışıb. Onun sözlərinə görə, ABŞ və Çin hazırda Ay missiyaları üzrə kəskin rəqabət mərhələsindədir. Əsas sual isə hansı ölkənin Aya uzun müddətdən sonra ilk enişi həyata keçirəcəyidir. "Hazırda kosmos yarışının içindəyik. Çin inanılmaz sürətlə irəliləyir. Çinlilər mütləq öz taykonavtlarını Aya göndərəcəklər. Bu, artıq sual deyil. Əsas məsələ ABŞ-nin onlardan əvvəl Aya qayıda bilib-bilməyəcəyidir", - deyə Ayzekman bildirib. O əlavə edib ki, NASA-nın insanlı Ay missiyası ilə bağlı planları dəfələrlə dəyişdirilib. Əvvəlcə "Artemis III" missiyası çərçivəsində 2027-ci il üçün planlaşdırılan Ay enişi 2028-ci ilə təxirə salınıb. Hazırkı plana əsasən, həmin eniş artıq "Artemis IV" missiyası çərçivəsində həyata keçiriləcək. NASA 2029-cu ilədək astronavtların Ay səthinə etibarlı şəkildə çıxışını təmin etməyi və burada elmi tədqiqatlar aparmağı, daha sonra isə Ay bazasının ilkin infrastrukturunu qurmağı planlaşdırır. Agentlik 2032-ci ildən etibarən Ayda daimi ekipajların fəaliyyət göstərməsini hədəfləyir.
Mənbə
oxu.az