Rus ordusunda artilleriyadan istifadə də məhdudlaşdırılır
Ukraynanın cənubunda Rusiyanın bəzi hərbi bölmələrində komandirlər logistika problemləri səbəbindən artilleriya sursatlarının istifadəsinə məhdudiyyətlər tətbiq ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü polkovnik Vladislav Voloşin məlumat verib.
Onun sözlərinə görə, Rusiyaya ciddi təsir göstərən logistika obyektlərinə zərbələr davam edir. Eyni zamanda, qarşı tərəf təchizatla bağlı yaranmış vəziyyətə uyğunlaşmağa çalışır:
"Orta mənzilli zərbələrimiz düşmənin logistikasına ciddi təsir göstərib və onları alternativ təchizat marşrutları axtarmağa məcbur edib. Bu isə əlavə vaxt, vəsait və insan resursu tələb edir. Buna görə də onlar logistikanı bərpa etmək üçün cəbhədən müəyyən qüvvələri geri çəkməli olurlar. Bundan başqa, düşmən sursatlardan istifadəyə məhdudiyyətlər tətbiq etməyə məcbur qalır".