Digər
Azərbaycan Tibb Universitetində Xarkov Milli Tibb Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-da rəsmi səfərdə olan Ukrayna Respublikasının Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyətini qəbul edib. Görüşdə rektor Gəray Gəraybəyli tibb sahəsində Ukraynanın bir çox ali təhsil müəssisələri ilə qurulan sıx əlaqələr və universitetlər arasında bu münasibətləri tənzimləyən qarşılıqlı əməkdaşlıq memorandumlarını xatırladıb. Rektor bu istiqamətdə institusional tərəfdaşlıq sazişlərinin iki ölkənin səhiyyə nazirlikləri səviyyəsində də dəstəkləndiyini, səhiyyə və tibb elmi sahəsində münasibətlərin genişləndirilməsinə və yeni müstəvilərdə inkişaf etdirilməsinə qarşılıqlı marağın olduğunu bir daha nəzərə çatdırıb. XMTU ilə tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların yerinə yetirilməsi kimi müxtəlif istiqamətləri ehtiva edən memorandum əsasında işlərin uğurla davam etdirildiyini deyən rektor bu səfərin də iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat və tibbi əməkdaşlığın inkişafına, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Xarkov Milli Tibb Universitetinin rektoru, professor Valeri Myasoyedovun səmimi salamlarını çatdıran XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçna da ATU ilə əlaqələrin genişləndirilməsindən məmnunluqlarını ifadə edib. Səfərin də bu əməkdaşlıq çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor əlavə edib ki, məqsəd pediatrik onkohematologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, akademik heyət və doktorantlar üçün mühazirələrin təşkili, diaqnostika və müalicə istiqamətində birgə elmi layihələrin hazırlanmasıdır. Görüşdə bir çox istiqamətlər, o cümlədən ali təhsil müəssisələrinin Tələbə Elmi cəmiyyətləri (TEC) arasında əməkdaşlıqların qurulması, maraq doğuran sahələr üzrə TEC-lərin birgə tədqiqatlar aparması, ümumilikdə elmi fəaliyyətin təşkili, tələbə startapları və s. kimi təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçnanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Nataliya Makiyeyeva, həmçinin Radiologiya kafedrasının doktorantı Roman Abdullayev daxildirlər. İyunun 30-dək qədər davam edəcək səfər çərçivəsində qonaqlar ATU-nun klinik bazaları ilə tanış olacaq, müvafiq ixtisas sahələri üzrə görüş və müzakirələr aparacaqlar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az