Cəmiyyət

Köçəryan Azərbaycana verilir? - Şərh

20 Jun 2026, 23:02 2 baxış
Köçəryan Azərbaycana verilir? - Şərh

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl parlamentdə çıxışı zamanı müxalifət barədə danışaraq, onlara qarşı müqavimət göstərilməli olduğunu dilə gətirib. Baş nazir əsasən Samvel Karepetyan, Qaqik Tsarukyan və Robert Köçəryanı nəzərdə tutub. Xüsusilə də Robert Köçəryanla bağlı son atılan addımlar diqqət çəkir. Belə ki, ona qarşı cinayət işi açılıb və onun ölkə xaricinə çıxışı qadağan edilib.


Bəzi ekspertlər Köçəryanın, eləcə də Tsarukyanın həbs olunacağını ehtimal edirlər. Robert Köçəryan I Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı qanunsuz hərbi hücumlarda iştirak edib, terrorçuluqla məşğu olub. Xüsusilə də Xocalı soyqırımının "memarlarından" biri kimi tanınır. Belə bir şəxsin Ermənistanda həbs olunacağı təqdirdə Azərbaycana ekstradisiyası ilə bağlı hər hansı addımın atılıb-atılmayacağı maraq doğurur.


Axar.az xəbər verir ki, Modern.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Robert Köçəryanla bağlı prosesin regional siyasi nəticələri də ola biləcəyini bildirib:


"Robert Köçəryan əleyhinə Ermənistanda başladılan cinayət təqibi və onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilk növbədə Ermənistanın daxili siyasi-hüquqi prosesidir. Bu prosesin regional siyasi nəticələri də ola bilər və təbii olaraq Azərbaycan ictimaiyyətində onun mümkün ekstradisiyası ilə bağlı suallar yaranır. Bu suallar təkcə indi yaranmır, əvvəllər də bu məsələ qaldırılmışdı. Çünki Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Köçəryan əleyhinə təqib çoxdan başlanmış və ötən müddət ərzində faktların, sübutların toplanması prosesi aparılmışdır. Onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələ müxtəlif beynəlxalq hüquqi platformalarda əsas müzakirə predmetlərindən biri kimi tərəfimizdən təqdim olunub. Yəni o, Azərbaycana qarşı Xocalı soyqırımının törədilməsində, eyni zamanda azərbaycanlıların etnik təmizlənməsində, məhv edilməsində birbaşa iştirakçı kimi və çoxsaylı müharibə, eləcə də insanlıq əleyhinə cinayətlərdə ittiham olunur".


Hüquqşünas vurğulayıb ki, Köçəryanın cinayətləri ilə bağlı yetərli qədər sübutlar da toplanıb:


"Son məhkəmə proseslərindən də bilirsiniz ki, keçmiş xunta rəhbərliyinin bir qrupu Azərbaycanda məhkəmə qarşısına çıxarılıb və onlara uzunmüddətli azadlıqdan məhrumetmə hökmü kəsilib. Prosesin gedişində də Robert Köçəryana qarşı yetərli qədər ifadələr verilib, onun cinayət əməlləri ilə bağlı məlumatlar səsləndirilib. O baxımdan Azərbaycan bu məsələni hər zaman qaldırmalıdır.


Köçəryanın Azərbaycana verilməsi məsələsi həmişə gündəmdə olur. Ancaq məsələnin əsas tərəfi Azərbaycanın belə bir tələb irəli sürməsi deyil, Ermənistanın həmin tələbə necə münasibət göstərməsidir".


Ə.Nuriyev söyləyib ki, hazırkı siyasi və hüquqi reallıqda Köçəryanın Azərbaycana ekstradisiyası mümkün görünmür:


"Ermənistan Konstitusiyası öz vətəndaşlarının xarici dövlətə verilməsini ümumi qayda olaraq məhdudlaşdırır. Yəni orada göstərilir ki, Ermənistan vətəndaşı xarici dövlətə yalnız beynəlxalq müqavilədə nəzərdə tutulmuş istisna hallarda verilə bilər. Azərbaycanla Ermənistan arasında ekstradisiya ilə bağlı, eləcə də cinayətkarların verilməsi ilə bağlı müqavilə yoxdur.


Yəni ən azı bu baxımdan həmin hüquqi yol hələlik açıq deyil. Üstəlik, söhbət sıravi vətəndaşdan yox, Ermənistanın keçmiş prezidentindən gedir. Bu amil məsələyə əlavə siyasi çalar gətirir, əlbəttə ki... Məhz buna görə də Köçəryanın mümkün ekstradisiyası təkcə hüquqi deyil, həm də ciddi siyasi məsələdir. Ona görə də Köçəryanın Ermənistanda həbs olunacağı təqdirdə avtomatik olaraq Azərbaycana təhvil veriləcəyini düşünmək doğru olmazdı.


Hazırkı siyasi və hüquqi şərait isə belə bir ssenarinin yaxın perspektivdə real görünmədiyini göstərir. Digər tərəfdən, Robert Köçəryanın adı uzun illər ərzində, qeyd etdiyim kimi, Azərbaycan torpaqlarının işğalı dövründə baş vermiş hadisələrdə, o cümlədən Xocalı soyqırımı ilə bağlı müzakirələrdə dəfələrlə hallandırılıb və o, əsas cinayətkar fiqurlardan biri hesab olunur. Burada iki məsələni qarışdırmaq olmaz. Birincisi, Köçəryanın mümkün hüquqi məsuliyyəti, ikincisi isə onun Azərbaycana təhvil verilməsidir.


Bunlar fərqli hüquqi prosedurlar və fərqli siyasi qərarlar tələb edən məsələlərdir. Paşinyan hakimiyyətinin son addımları onu göstərir ki, Ermənistan daxilində sülh gündəmini müdafiə edən qüvvələrlə köhnə müharibə siyasətinin tərəfdarları arasında mübarizə açıq mərhələyə keçir. Bu baxımdan Köçəryana qarşı atılan addımlar yalnız cinayət-hüquqi proses kimi deyil, həm də Ermənistanın gələcək siyasi kursu uğrunda mübarizənin tərkib hissəsi kimi qiymətləndirilə bilər.


Mənim qənaətimə görə, hazırkı mərhələdə Robert Köçəryanın Azərbaycana təhvil verilmə ehtimalı görünmür. Bununla belə, onun Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərlə bağlı hüquqi və siyasi məsuliyyət məsələsi gündəmdən çıxmır və gələcəkdə də müzakirə mövzusu olaraq qalacaqdır. Bu baxımdan Ermənistanda baş verən proseslər təkcə ölkədaxili siyasi hadisə deyil, həm də regionda sülh və təhlükəsizlik gündəmi baxımından diqqətlə izlənilməli olan bir prosesdir".


Ə.Nuriyev sonda qeyd edib ki, Azərbaycana qarşı soyqırımı cinayəti törətdiyinə görə Köçəryanı harada olsa, götürüb ölkəmizə gətirməkdə haqlıyıq:


"Hüquqi baxımdan ona qarşı soyqırımı cinayəti ilə bağlı ittihamlar irəli sürülüb. Ona görə də biz imkan yaranacağı təqdirdə, onu Azərbaycana gətirməkdə haqlıyıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər