Putinin Astana səfəri: Görünməmiş mühafizə... - Video
Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri misli görünməmiş təhlükəsizlik tədbirləri altında baş tutub. Prezidentin kortejini pulemyotlu zirehli avtomobil və radioelektron mübarizə (REM) maşını müşayiət edib, havadan isə helikopter qoruma təmin edib.
Axar.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.
Məlumata görə, Putinin limuzinini ümumilikdə 14 motosiklet və iyirmiyə yaxın avtomobil müşayiət edib. Kortejin sonunda pulemyot qurğusu ilə təchiz edilmiş zirehli avtomobil və pilotsuz uçuş aparatlarından müdafiə üçün nəzərdə tutulan REM sistemlərinə bənzər texnika müşahidə olunub.
Astanadan yayılan kadrlarda kortejin hərəkət etdiyi yollar boyunca silahlı hərbçilərin yerləşdirildiyi, bəzi ərazilərdə isə girişlərin zirehli texnika ilə bağlandığı görünür.
Ekspertlər bildirirlər ki, dövlət başçılarının xarici səfərləri zamanı bu səviyyədə mühafizə tədbirləri indiyədək qeydə alınmayıb.