Cəmiyyət

Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ

18 May 2026, 03:00 2 baxış
Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ
COVID-19 pandemiyasından sonra dünya yeni virus xəbərlərinə çox həssas yanaşır. Son günlər sosial şəbəkələrdə və beynəlxalq mediada adı daha çox hallanan hantavirusla bağlı məlumatlar diqqət çəkir. Gəmidə qeydə alınan yoluxma hadisəsi isə mövzu ətrafında müzakirələri genişləndirərək beynəlxalq diqqəti bu istiqamətə yönəldib. Gəmi hadisəsi yeni risk dalğasının başlanğıcıdırmı? Ümumiyyətlə, hantavirus yeni pandemiyaya səbəb ola bilərmi? Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: "Virusun insandan insana ötürülməsi nadirdir" Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda ölkəmizdə hantavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir. Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarışmış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir".
"Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur" Nazirliyin məlumatına əsasən, Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir: "Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və onunla qarşılıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır".
"Yeni yoluxma hallarının qeydə alınması mümkündür" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür. ÜST rəhbəri də hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini bildirir, lakin inkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxmasını mümkün hesab edir. Sosial şəbəkələrdə hantavirusun "yeni pandemiya" olacağı barədə çox emosional paylaşımlar yayılır. Amma epidemioloqlar bildirirlər ki, virusun genişmiqyaslı pandemiyaya çevrilmə ehtimalı COVID-19-la müqayisədə xeyli aşağı hesab olunur. Bunun əsas səbəbi insandan insana yoluxmanın məhdud olmasıdır.
İnfeksionist Vasif Əliyev bildirir ki, hantavirus əsasən gəmiricilər vasitəsilə insanlara keçir: "Xəstələrdə yüksək hərarət, baş və əzələ ağrıları, halsızlıq, başgicəllənmə və nəfəsalma çətinliyi müşahidə olunur. Xüsusilə Amerika qitəsində yayılan hantavirus növləri digərlərinə nisbətən daha ağır keçir". Yoluxmanın əsas mənbəyi İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Hüsrev Diktaş bildirib ki, hantavirusun COVID-19 kimi qlobal pandemiyaya çevrilmə ehtimalı aşağı qiymətləndirilir. Onun sözlərinə görə, xəstəlik ilkin mərhələdə hərarət, ishal, ürəkbulanma və qusma kimi qeyri-spesifik simptomlarla özünü göstərə bilər ki, bu da diaqnozu çətinləşdirən əsas amillərdəndir: "Sonrakı mərhələdə tənəffüs çatışmazlığı, qanaxma və böyrək funksiyalarının pozulması kimi ağır klinik fəsadlar inkişaf edə bilər".
Mütəxəssis vurğulayır ki, yoluxmanın əsas mənbəyi gəmirici ifrazatları ilə çirklənmiş mühitdir. İnfeksionist risk qrupuna daxil edilən qaraj, zirzəmi, anbar və uzun müddət istifadə olunmayan qapalı məkanların təmizlənməsi zamanı xüsusi ehtiyat tədbirlərinin görülməsini tövsiyə edir. Onun sözlərinə görə, belə yerlərdə maska və əlcəkdən istifadə olunmalı, birbaşa tozla təmas minimuma endirilməlidir. Təmizlik zamanı nələrə diqqət edilməli? ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tövsiyələrinə görə, gəmirici ifrazatları ilə çirklənmiş səthlər quru şəkildə süpürülməməli və ya tozsoranla təmizlənməməlidir. Bu, virus ehtimalı olan mikroskopik hissəciklərin havaya qalxmasına və nəfəs yolu ilə yoluxma riskinin artmasına səbəb ola bilər. Əvəzində səthlər əvvəlcə dezinfeksiyaedici məhlulla isladılmalı, daha sonra qoruyucu vasitələrlə diqqətlə təmizlənməlidir.
Riskli hesab edilən qapalı məkanlarda təmizlik zamanı havalandırma, əlcək və maska istifadəsi kimi sadə, lakin effektiv qoruyucu tədbirlər əsas rol oynayır. Bu qaydalara əməl edilməsi yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Ümumilikdə ekspertlər vurğulayırlar ki, hantavirusla bağlı əsas yanaşma təşviş yaratmaq deyil, maarifləndirmə və düzgün profilaktik davranışların formalaşdırılmasıdır. Gəmiricilərlə təmasdan yayınmaq, riskli məkanlarda ehtiyatlı davranmaq və gigiyenik qaydalara əməl etmək yoluxmanın qarşısının alınmasında ən vacib faktorlar hesab olunur.
Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ Hantavirus təhlükəsi: Yeni pandemiya gözlənilir? - Mütəxəssis RƏYİ
Mənbə oxu.az

Oxşar Xəbərlər