Cəmiyyət

Retno Marsudi: "Dünyada 2 milyarddan çox insanın içməli suya çıxışı yoxdur"

17 May 2026, 20:48 2 baxış
Retno Marsudi: "Dünyada 2 milyarddan çox insanın içməli suya çıxışı yoxdur"
Təhlükəsiz içməli suya çıxışın təmin edilməsi dövlətlərin və beynəlxalq təşkilatların əlaqələndirilmiş fəaliyyətini tələb edir. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib. Onun sözlərinə görə, BMT də daxil olmaqla heç bir struktur su çağırışlarının miqyası ilə təkbaşına öhdəsindən gələ bilməz: "Bu gün dünyada təxminən 2.2 milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur. Biz dövlətlərlə birgə işləməli və əsas diqqəti praktiki icraya yönəltməliyik. Bəzən çox müzakirələr aparılır, lakin iş nadir hallarda konkret addımlara çatır". R.Marsudi, həmçinin xatırladıb ki, BƏƏ və Seneqalın birgə təşkilatçılığı ilə dekabr ayında keçiriləcək 2026-cı il BMT-nin Su Ehtiyatları Konfransına hazırlıq işləri aparılır: "Tədbir praktiki nəticələrə və konkret öhdəliklərə yönəldiləcək. Mən ölkələri və BMT strukturlarını təşəbbüslərin praktiki icrasına və bu konfransda təqdim edilə biləcək konkret, ölçülə bilən öhdəliklərin hazırlanmasına diqqəti cəmləməyə çağırıram. Bunun böyük əhəmiyyəti var". Xüsusi elçi su gündəliyinin digər inkişaf istiqamətlərinə inteqrasiyasının vacibliyini ayrıca diqqətə çatdırıb. Onun sözlərinə görə, əgər əvvəllər əsas diqqət "su - enerji" və ya "su - ərzaq" əlaqələrinə yönəldilirdisə, bu gün su, mənzil siyasəti və dayanıqlı şəhər inkişafının qarşılıqlı əlaqəsi getdikcə daha fəal şəkildə nəzərdən keçirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər