Cəmiyyət

Türkiyədə mənzil ehtiyacı ciddi problemə çevrilib - Bulut

17 May 2026, 16:35 2 baxış
Türkiyədə mənzil ehtiyacı ciddi problemə çevrilib - Bulut

Türkiyə çox sürətli sənayeləşmə prosesindən keçib. Bununla yanaşı, kənddən şəhərə axın sürətlənib, şəhərlər həddindən artıq böyüyüb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyada çıxışında deyib.


O qeyd edib ki, Türkiyədə gecəqondulaşma və sosial mənzil ehtiyacı çox ciddi problemə çevrilib:


“Lakin son iyirmi ildə hökümətimizin həyata keçirdiyi qətiyyətli siyasətlərlə bu problemi həll etməyə çalışdıq və qismən həll etdik. Qarşıdakı dövr üçün də proqramlarımız mövcuddur.


Bildiyiniz kimi, Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində təxminən 500 minə yaxın müstəqil yaşayış sahəsi zərər gördü və yenidən tikildi. Türkiyə təxminən 500 min mənzili iki il ərzində tamamlayıb.


Bu gün müzakirə etdiyimiz mövzu yalnız şəhərsalma siyasətlərinin deyil, həm də sosial ədalətin, inkişafın, insan ləyaqətinin və insan hüquqları əsaslı dövlət siyasətlərinin mərkəzində dayanır. Mənzil təhlükəsiz həyatın, ailə bütövlüyünün, təhsil və məşğulluğa çıxışın, ictimai həyata qoşulmanın və yoxsulluq dövrünün qırılmasının əsas elementidir. Buna görə də adekvat mənzili təhlükəsiz istifadə, əlçatan qiymət, keyfiyyətli tikili, təmiz su, enerji, nəqliyyat, məktəb, səhiyyə xidmətləri, məşğulluq və sağlam yaşayış mühiti ilə birlikdə düşünməliyik”.


O vurğulayıb ki, Türkiyə mənzili sosial inklüzivliyin, ictimai həmrəyliyin, iqlim dəyişikliklərinə uyğunlaşmanın və davamlı inkişafın əsas sütunlarından biri kimi görür:


“Sürətli urbanizasiya, gəlir bərabərsizliyi, təbii fəlakətlər, iqlim dəyişikliyi və məcburi miqrasiya mənzil məsələsini daha da kritik hala gətirir.


2016-cı ildə qəbul edilmiş Yeni Şəhər Gündəliyində irəli sürülən şəhərsalma baxışı Türkiyə tərəfindən mühüm rəhbər sənəd kimi qəbul olunub. Bu nöqtədə dövlətin rolu böyük əhəmiyyət daşıyır. Dövlətin vəzifəsi aşağı və orta gəlirli vətəndaşlarımız üçün əlçatan, təhlükəsiz və keyfiyyətli mənzilə çıxışı asanlaşdırmaqdır. Davamlı mənzil istehsalı dövlət resurslarından səmərəli istifadə, xəzinə torpaqlarından resurs yaradılması, özəl sektorla gəlir və hasilat paylaşımı, aşağı faizli maliyyələşmə və uzunmüddətli ödəniş planları ilə dəstəklənməlidir.


Türkiyədə ümumi mənzil istehsalının 15 faizi dövlət, 85 faizi isə özəl sektor tərəfindən həyata keçirilir. Türkiyədə ildə təxminən 800 min yeni mənzil tikirik. Dövlət olaraq bunun yalnız 15 faizini özümüz inşa edir, qalan 85 faiz üçün isə özəl sektorun mənzil istehsalını sürətləndirəcək imkanlar yaradırıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər