Cəmiyyət
Nərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rasim Abdulla oğlu Ağcayevə məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, yarımfabrikatlar üçün sürətli dondurma avadanlığının olmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən edilib. Dondurucu kameralarda saxlanılan yarımfabrikat məhsullarının etiketlənmədiyi və emal tarixləri barədə qeydlərin aparılmadığı aşkarlanıb. Nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin və ətin mənşəyinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub.
Mənbə
oxu.az