Cəmiyyət
Qaradağda sel aparan körpü nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB
"Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində sel suları nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yolun bərpası istiqamətində müvafiq işlərə start veriləcək". Oxu.Az-ın sorğusuna cavab olaraq bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildiriblər. Açıqlamada qeyd olunub ki, hazırda vətəndaşların hərəkətini təmin etmək üçün alternativ yol mövcuddur: "Nəqliyyatın hərəkəti bu istiqamət üzrə təşkil edilib. Sel suları nəticəsində əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində yuyulub. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq işlərə start veriləcək". Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpünü sel aparıb. Oxu.Az xəbər verir ki, buna görə də körpü yararsız vəziyyətə düşüb. Sakinlər qarşı tərəfə keçmək üçün qaz xəttinin üzərindən hərəkət etməyə məcbur qalırlar. Sözügedən avtomobil körpüsü Umbakı qəsəbəsi ilə paytaxt Bakını əlaqələndirən yeganə avtomobil yolunun üzərində yerləşir. Vətəndaşlar bildirirlər ki, körpü ötən ilin aprelindən uçub. Aidiyyəti qurumlar tərəfindən qəsəbə ilə şəhər mərkəzinin əlaqəsini bərpa etmək məqsədilə çayın üzərində müvəqqəti yol çəkilmişdi. Lakin yağan güclü yağışdan sonra həmin yol da tam şəkildə yuyulub və qəsəbə ilə şəhər mərkəzinin əlaqəsi yenidən kəsilib.
Mənbə
oxu.az