Mask rəqibi Bezosu sosial şəbəkədən yenə trolladı – FOTO

ABŞ məhkəməsi “Blue Origin” şirkətinin NASA-ya qarşı iddiasını rədd edib.

Şirkətin rəhbəri Ceff Bezos Milli Aeronavtika və Kosmos İdarəsinin Aya eniş modulunun hazırlanması üzrə tenderi rəqib “SpaceX” şirkətinə verməsindən narazı idi. Milyarder tenderin şərtlərinin pozulduğunu iddia edirdi.

“SpaceX”in baş direktoru İlon Mask bu qərarı “Twitter”də şərh edib. Dünyanın ən varlı adamları siyahısında birinci yeri tutan amerikalı sahibkar “Hakim Dredd” (“Judge Dredd”) filmindən fotonu paylaşıb. Şəklin üzərində “Sən mühakimə olundun!”  (You have been judged!) yazısı dərc edilib.

Qeyd edək ki, bu, “SpaceX” rəhbərinin sosial mediada rəqibini ilk trollaması deyil: o, əvvəllər Ceff Bezosun “Amazon”un uğurlu şirkət olması haqqında statusuna cavab olaraq ona “Twitter”dən “gümüş medal” göndərmişdi.

Ceff Bezosun şirkəti bu işdə ikinci dəfə məğlub olur. Bundan əvvəl ABŞ Hesablama Palatası “Blue Origin” və “Dynetics” üçün tenderin nəticələrinə yenidən baxmaqdan imtina etmişdi.

“Blue Origin” avqust ayında məhkəməyə müraciət edib.

Qeyd edək ki, əvvəllər NASA-nın hər iki şirkətlə müqavilə bağlayacağı gözlənilirdi. Lakin ABŞ Konqresi kifayət qədər vəsait ayırmadığı üçün sövdələşmə yalnız İlon Maskın komandası ilə aparıldı.

Mənbə: “The New York Times”

Rəylər

OXŞAR XƏBƏRLƏR