“Hökumət beynəlxalq yardım təşkilatları ilə əlaqələrin istiqamətini genişləndirir”

“Dünya arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda qlobal iqtisadiyyat da həmin dəyişiklik və yenilikləri özündə ehtiva edir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O xatırladıb ki, hələ 1990-cı illərin əvvələrində mürəkkəb geosiyasi və daxili siyasi vəziyyətdə, iqtisadi və sosial böhran şəraitində mövcud olmaq və öz müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə aparan dövlətimiz müasir tarixinin ən çətin dövrünü yaşayırdı: “Belə bir xaos vəziyyətində Ümummilli lider Heydər Əliyev beynəlxalq təşkilatlarla mövcud əlaqələri gücləndirdi, habelə fərqli profilli yeni təşkilatlar ölkəmizlə əməkdaşlığa başladı. Keçən dövr ərzində əldə edilmiş uğurlar, eyni zamanda çıxarılmış nəticələr Azərbaycan hökumətinin beynəlxalq yardım təşkilatları ilə də əməkdaşlığını yeni mərhələyə yüksəltdi. Ümumilikdə, Azərbaycanın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq yardım təşkilatları ilə əməkdaşlığı üç fərqli kontekstdə baş verib.

İlkin mərhələni 1990-cı illərdə Ermənistanın işğalçı ekspansiyaları, dövlətimizin Birinci Qarabağ müharibəsinə cəlb olunduğu dövr təşkil edir. Bu mərhələdə əsas diqqət Birinci Qarabağ müharibəsi və onun yaratdığı ağır fəsadların, keçid dövrünün, qaçqınların, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılmasına hesablanıb.

Davamlı olaraq fövqəladə vəziyyət aradan qaldırıldıqca hökumət beynəlxalq yardım təşkilatları ilə əlaqələrin istiqamətini genişləndirir, xüsusilə 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Minilliyin İnkişaf Məqsədləri bəyannaməsində əksini tapmış səkkiz məqsədin lokallaşdırılması və ölkənin sosial-iqtisadi inkişafını təmin etməsi prioritet hədəflərdən olub”.

Deputatın sözlərinə görə, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında transformativ təsirə malik struktur islahatları dövrü yaşayan ölkəmiz bir çox beynəlxalq maliyyə təşkilatları və inkişaf agentlikləri ilə əməkdaşlığı davam etdirir, yüzlərlə layihələr icra olunub və hal-hazırda da icra olunmaqdadır:

“Lakin, layihələrin əlaqələndirilməsi, habelə milli planlaşdırma və büdcə ilə əlaqəli sahələrdə əhəmiyyətli irəliləyişə baxmayaraq, xüsusilə çox sayda maraqlı tərəflərin cəlb olunmasını nəzərə alaraq müxtəlif pillələrdə və sektorlarda həm beynəlxalq təşkilatların, həm də icraçıların qiymətləndirilməsi, monitorinq prosesinin səmərəliliyinin artırılmasına ehtiyac özünü göstərməkdədir. Ölkə başçısının 28 mart 2022-ci il tarixli fərmanı ilə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi hökumət tərəfindən həm beynəlxalq təşkilatların, həm də icraçı dövlət qurumlarının səylərinin əlaqələndirilməsi üçün mərkəzləşdirilmiş institutsional strukturun yaradılmasını aktuallaşdırır.

Belə ki, beynəlxalq donor yardımının milli səviyyədə daha mərkəzləşdirilmiş şəkildə əlaqələndirilməsi həm layihələr üzərində qiymətləndirmə fəaliyyətinin nəticəliliyinin artırılması və beynəlxalq təşkilatlarla daha səmərəli kommunikasiyanın qurulmasına, həm də layihələrə xərclənən maliyyə resurslarının daha səmərəli istifadəsinə yol açmış olacaq”.

M.Əfəndiyev vurğulayıb ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərin bölgədə yaratdığı yeni reallıqlar öz növbəsində beynəlxalq humanitar yardım agentliklərinin, beynəlxalq maliyyə institutlarının ölkəmizdə, eləcə də yaradılmış 12 iqtisadi rayonda fəaliyyətlərinin yeni mexanizmlə əlaqələndirilməsini təmin etməlidir: “Beləliklə beynəlxalq yardımların idarəçiliyində yuxarıda qeyd olunan davamlı və ardıcıl işlərin görülməsi həm Prezident İlham Əliyev tərəfindən uğurlu və ardıcıl şəkildə icra olunan islahatlara, həm də Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında fundamental sayılan idarəçilik komponentinə çoxşaxəli təsir edəcək”.

Rəylər

OXŞAR XƏBƏRLƏR