Ermənicə bilən “Hadrut fatehi”nin xanımı: “Düşmənin 1500 əsgərinə “geri çəkil” əmri verib” – MÜSAHİBƏ + FOTO

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun hərbçiləri hər biri öz şücaəti, qəhrəmanlığı ilə xalqı qələbəyə, zəfərə apardı. Adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran, dastana dönən qəhrəman şəhidlərimizdən biri də kəşfiyyatçı, Xüsusi Təyinatlı Qüvvələrin peşəkar hərbçisi Camal İsmayılovdur.

Qəhrəmanımız 1984-cü il iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 2002-ci ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub. 36 illik ömrünün yarısını hərbiyə həsr edən şəhidimiz rus, erməni və ingilis dillərini mükəmməl bilirdi.

Kəşfiyyatçımız xidməti illərində çoxsaylı təltiflər alıb, paraşütlə 90-dan çox qüsursuz tullanışa imza atıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində ön sıralarda mübarizə aparan Camal İsmayılov göstərdiyi qəhrəmanlıqlara görə “Hadrut fatehi” adlandırılıb.

Tabor komandiri olan baş gizir Camal İsmayılovun ən böyük arzusu Şuşanın işğaldan azad edilməsi olub.

Şəhidimizin xanımı Fatimə İsmayılova deyir ki, Aprel döyüşlərinin iştirakçısı olan Camal İsmayılov Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən bir çox hərbi təlimlərdə iştirak edib. İstər təlimlərdə, istərsə də döyüşlərdə həmişə öndə olan qəhrəmanımız ən çətin tapşırıqları uğurla yerinə yetirməklə orduda xüsusi bacarıqları ilə seçilib.

“Sentyabrın 25-i səhər saat 05:00 radələri…

Camal sübh tezdən namazını qıldı, uşaqlarla vidalaşdı və evdən çıxdı. Pilləkənləri enənə qədər qapı gözlüyündən ona baxdım. Sanki mənim baxdığımı hiss edərmiş kimi, o da geri çevrilib qapıya baxırdı. Bu Camalı son görüşüm oldu”.

Silahdaşları mediaya açıqlamalarında rabitə sahəsində mütəxəssis olan Camal İsmayılovun erməni ordusunun rabitəsinə qoşularaq, Hadrut uğrunda gedən döyüşlərdə 1 500-ə yaxın erməni əsgərinə geri çəkil əmri verərək, Azərbaycan ordusunun hərbçilərinin uğurlu həmlə etməsinə şərait yaratdığını deyiblər.

Oxu.Az-ın əməkdaşı “Hadrut fatehi” Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova ilə həmsöhbət olub.

Şəhid xanımı deyir ki, o, həyat yoldaşını şəhidlik zirvəsinə ucaldıqdan sonra tanımağa başlayıb:

“Biz Camal ilə qohum olmuşuq. Lakin buna baxmayaraq, elə sıx münasibətlərimiz olmayıb. Tələbəlik dövründə bir neçə dəfə qarşılaşdıq və bir-birimizə qarşılıqlı münasibətimizin olduğunun fərqinə vardıq. O an heç düşünmürdüm, Camal hərbçidir və hərbçi xanımı olmaq çox çətin və məsuliyyətlidir. Biz nişanlandığımız gün axşam Camal mənə zəng elədi. Mənə işinin çətinliyindən, gizliliyindən danışdı və bu mövzuda ona anlayışlı yanaşmağımı rica etdi. O söhbətdən 13 il keçib, amma bu gün də hər şey Camalın istədiyi, tapşırdığı kimi davam edir. Camal fiziki olaraq bizim yanımızda olmasa da, mən və övladlarım onun bizi izlədiyini, qoruduğunu mənəvi olaraq hiss edirik.

Mən Camal haqqında məlumatları onu tanıyanlardan, sevənlərdən, hərbçi yoldaşlarından, xalqdan öyrənmişəm. İnanırsız ki, Camal şəhid olduqdan sonra mən onu yenidən kəşf etməyə, yenidən sevməyə başlamışam. Artıq sözün əsl mənasında kiminlə ailə həyatı qurduğumu dərk etdikdən sonra onunla daha çox fəxr etməyə başladım. Onunla qürur duyuram”.

“Birdən qayıtmasam, övladlarımızı Vətənə layiqli şəkildə böyüdəcəyinə inanıram”…

C.İsmayılov tez-tez hərbi təlimlərə, kurslara gedir, öz üzərində çalışırdı. Şəhid xanımı deyir ki, yenidən dünyaya gəlsə, yoldaşının şəhid olacağını bilsə belə, yenə Camal İsmayılovla ailə həyatı qurardı:

“Biz Camalı 13 il səbirsizliklə gözləmişik. Onu gözləmək çox gözəldir. Aprel döyüşlərinə gedəndə də, Vətən müharibəsinə gedəndə də bizi narahat etməmək üçün heç nə deməmişdi. Aprel döyüşlərindən sonra evə gələndə üstü-başı palçıq içində idi. Lakin biz çox-çox sonra bildik ki, Camal döyüşdən gəlib. Vətən müharibəsinə gedəndə də “təlimə gedirəm” deyib evdən çıxmışdı. Onun qapıdan çıxmağı bugünkü kimi yadımdadır. Hətta Aprel döyüşlərinin başladığını televizordan eşitdim. Təxmin etdim ki, Camal artıq ön sıralarda gedir, amma yenə də, heç nədən xəbərim olmadığı üçün sakit qala bilirdim. Sonra qonşumuz olan polkovnik Vüqar Yusifovun şəhid olduğunu eşidəndə çox pis oldum. Camal bizə zəng edəndə ona demək istədim, o isə bir kəlmə dedi ki, “bilirəm”… Artıq o an əmin oldum. Milli Qəhrəmanımız Samid İmanov “neytral”da qalmışdı. Komandirləri illər sonra deyir ki, Camal şəxsən özü onu “neytral”dan çıxararaq öz tərəfimizə gətirmişdi. Bütün bunları Aprel döyüşlərindən illər sonra, Camal barədə kitabın təqdimatında komandirləri danışanda öyrənmişik. Camal hər dəfə işdən gələndə sakit-səssiz mətbəxdə oturardı. Qızlarını qucağına alıb, bir stəkan çay içərdi. Hər zaman fikrə dalardı.

İndi qapı açılsa, Camal gəlsə, ona ürəyimdə o qədər sualım var… Bəlkə də onun işlərindən bu qədər məlumatlı olmağımı istəməzdi. Düşünürəm ki, bu 13 il ərzində onun xidmətdə göstərdiyi qəhrəmanlıqları, getdiyi riskli yolları bilsəydim, bəlkə də bu qədər sakit onun gəlişini gözləyə bilməzdim. Bəzən ürəyimdə küsürdüm ki, mənə heç nə demir. Amma indi anlayıram ki, o, bununla məni qoruyurmuş, həm də bu addım öz işinin təhlükəsizliyi üçün önəmli idi”.

“Gedim, qayıdım planlarımızı bir-bir həyata keçirəcəyik, hər şey başqa…”

Fatimə xanım deyir ki, Camal Vətən müharibəsinə getməzdən öncəki gecə qızlarına nağıl danışdı, onları möhkəm qucaqlayıb vidalaşdı:

“Vətən müharibəsinə getdikdən sonra bir neçə dəfə evə zəng vurub. Hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı deyirdi. Son günlərdə vəziyyət bir qədər gərginləşmişdi. Günlərlə ac-susuz qalıb irəli getmişdilər. Təxminən dörd gün susuz xeyli məsafə qət ediblər. Döyüşlərdə qolundan yaralanmışdı, amma bizə demədi. Telefonda hiss etdim ki, səsi narahat gəlir. Amma nə qədər soruşdum demədi”.

“Anasının doğum günündə dəfn olunan Camal İsmayılovun nəşi dörd gün neytralda qalıb”

Şəhid xanımı deyir ki, oktyabrın 21-də Camal və silahdaşlarının mühasirədə olduğunu eşitdik:

“O bizi narahat etməmək üçün heç bir söz deməzdi. Bəzi məlumatları elə rəsmi xəbərlərdən eşidirdik. Mənim qardaşım da hərbçidir, onun köməyi ilə təxmini salamat olub-olmadığını soraqlaya bilirdik. Artıq qızğın döyüşlər başlayandan əlaqə saxlaya bilmirdi. Amma Camalgil oktyabrın 19-da şəhid olub. Düşmənlə yaxın məsafədə gedən döyüşlər zamanı Camal və 17 nəfər hərbçi şəhadətə yüksəlib. Mən bu gün də Camalın şəhid olduğuna inanan bilmirəm. Elə bilirəm ki, yenə haradasa xüsusi tapşırıqlar yerinə yetirir. Nə vaxtsa qapını açıb gələcək.

Camalın nəşini oktyabrın 23-də gətirdilər. Onu qardaşım qarşılayıb. Sonra biz komandirinin dediklərindən bildik ki, onlar şəhid olduqdan sonra dörd gün “neytral”da qalıblar. Şəhidlərimizi düşmən götürməsin deyə dayanmadan dörd gün Hadrutda qızğın döyüş gedib. Həmin yüksəkliyi aldıqdan sonra şəhidlərimizin nəşini götürüblər. Səngərdə uşaqlara deyirdi ki, “yorğunluq başlayır, qələbə qazanıb evə dönmək lazımdır, bizi gözləyənlər var”.

“Birdən başıma hadisə gəlsə, məni rayonumdan – Neftçaladan ayırma”

Qəhrəman şəhidimiz öz vəsiyyətinə uyğun olaraq o, Neftçala rayonunda torpağa tapşırılıb:

“Onun üçün hər yer Vətən idi. Hər gün işə gedəndə mənə deyərdi ki, birdən başıma hadisə gəlsə, məni torpağımdan ayırma. Onun sözünə əməl etdik. Camal oğlunu görə bilmədi. Hamilə olduğumu biləndə demişdi ki, qız olsa, Qəmzə, oğlan olsa, adını Alparslan qoyarsan. Oğlan olacağını biləndə çox sevinmişdi. Əsgər yoldaşları gələndə deyirdi ki, müharibə boyu “bircə evə qayıdıb Alparslanın üzünü görmək istəyirəm” deyirdi.

“Qızı istəmişdi deyə, o fənəri heç işlətməmişdi”.

Camal İsmayılov övladlarının istəklərinə qarşı çox həssas olub. Xanımı deyir ki, müharibəyə gedərkən qızı ondan qırmızı fənərini istəyib:

“Camal dedi ki, bu, ona döyüşdə çox lazım olacaq: “Gedib qayıtdıqdan sonra onu sənə verərəm”.

Şəhid olduqdan sonra bizə çantası gəldi. O çanta mənim üçün çox dəyərlidir. Onun içərisindən bir fənər, kiçik telefonu və xırda bir iki əşya çıxıb. Qızım o fənəri görəndə o qədər sevindi ki, sanki atası geri gəldi. Camal həmişə mənə deyirdi ki, “gözüm arxada qalmır, övladlarımıza yaxşı baxacağına əminəm”.

O od-alovun içində belə bizi düşündü. Hər zəng edəndə deyirdi ki, yeməyinizə fikir verin. O bilirdi ki, evdə olmayanda yemək bişirib rahat yeyə bilmirik. Həmişə təkid edirdi ki, özünüzə baxın. Biz onun sözündən çıxmazdıq. Ömrümüzün sonuna qədər də ailəmizdə onun qoyduğu qaydalara əməl olunacaq. Camalın bir dənə belə olsun hərbi formada şəkli yox idi məndə. Yas mərasimində məndən onun hərbi formada olan fotosunu istədilər, donub qaldım. Telefonumda onun bir dənə formada şəklini tapmadım. Camal fotosunun paylaşılmasını istəməzdi, biz də onun istəklərinə hörmət edərdik. Bu, biz ölənə qədər də davam edəcək”.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Rəylər

OXŞAR XƏBƏRLƏR