Azərbaycanlı gənc informatika sahəsində dünya üçüncüsü oldu

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Səid Nəsibov Sinqapurda keçirilən, 90 ölkədən 351 şagirdin iştirak etdiyi 33-cü Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edərək bürünc medal qazanıb. Şagirdimizin beynəlxalq arenadakı bu nailiyyəti Azərbaycanda təhsilin və rəqəmsal texnologiyaların inkişafının sübutudur.

Səid Nəsibovun uşaq vaxtlarından riyaziyyata və texnologiyaya böyük marağı var. Bu, Səidin bu il qazandığı ilk medal deyil. O, “Qış Onlayn Kvest”ində Azərbaycan komandasının daxilində dünya üzrə I yer, Beynəlxalq STEM Olimpiadasında ölkə üzrə V yer, SASMO (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası)  və  Respublika Fənn Olimpiadalarında ölkə üzrə I yer tutub.

Kompleksimizin digər şagirdləri də bu il dünya miqyasında böyük uğurlar əldə ediblər. XI sinif şagirdimiz Rafiq Qasımov ölkə üzrə keçirilən “Sabahın Alimləri” X Respublika Müsabiqəsində riyaziyyat fənnindən I yer tutaraq ABŞ-da keçirilən dünyanın ən böyük müsabiqələrindən biri olan “Regeneron İSEF” yarışmasında  Azərbaycanı təmsil edib. Onun “Triqonometriyanın köməyi ilə bəzi cəbri misalların həlli” adlı layihəsində bir sıra qəliz cəbri misalların daha praktik həll üsulundan bəhs olunurdu. X sinif şagirdimiz Aysel Həşimzadə isə 2021-ci ildə keçirilən Beynəlxalq STEM Olimpiadasında  Biologiya  fənni üzrə Azərbaycanı təmsil edib və ən yüksək nəticəni toplayaraq ölkəsinə qızıl medal qazandırıb. Bundan başqa bu il Türkiyədə keçirilən dünyanın ən böyük robotik yarışmalarından biri olan “VEX Robotics” yarışmasında  Azərbaycanı təmsil edən “Esperanto”  komandamız münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Növbəti tədris ilində də bu uğurların davamlı olacağına və şagirdlərimizin ölkəmizə medallar gətirəcəyinə inanırıq.

Rəylər

OXŞAR XƏBƏRLƏR