Azərbaycanda koronavirusla bağlı zərər çəkən minlərlə sahibkara maliyyə dəstəyi göstərildi

Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Maliyyə Nazirliyindən bildirilib ki, aprelin 13-də nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 1983 vergi ödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2560 fərdi (mikro) sahibkara isə 2 milyon 948 min manat vəsait yardım edilib. Vəsaitlər onların müvafiq bank hesablarına köçürülüb.

Bundan əvvəl, aprelin 9-da Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5752 vergi ödəyicisinə ümumilikdə, 8 milyon 939 min manat maliyyə dəstəyinin göstərilməsi təmin olunub.

Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq, sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR