Azərbaycan Peşəkar Boks Federasiyasında yeni təyinatlar bəlli oldu

Azərbaycan Peşəkar Boks Federasiyasının icraiyyə komitəsinin yığıncağı zamanı rəhbər vəzifələrə yeni təyinatlar təsdiqlənib. Komitənin iclasında Federasiyanın I vitse-prezidenti vəzifəsinə Fərhad Acalovun təyinatı təsdiq edilib.

Fərhad Acalov 2000-ci ildə Azərbaycanın boks üzrə ilk Dünya çempionu olub. Dünya çempionatının ən texnikalı boksçusu seçilən Fərhad Acalov sonrakı illərdə “Baku Fight Lab” (əvvəlki adı ilə, “Rabitə Boks Klubu”) boks klubunun icraçı direktoru olub. Onun rəhbərliyi altında klubun boksçuları ölkəmizi Dünya, Avropa və Olimpiya miqyaslı yarışlarda təmsil edərək ən yüksək nəticələr əldə ediblər.

PBF-nin xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə isə Ziya Əliyevin təyinatı təsdiqlənib. Ziya Əliyev bir neçə Dünya və Olimpiya çempionu olmuş boksçuların meneceridir. Komitənin təsdiq etdiyi növbəti təyinatla Orxan Muxtarov Federasiyanın baş katibi təyin edilib.

Qeyd edək ki, Orxan Muxtarov daha əvvəl Bakıda keçirilmiş Avropa Oyunları zamanı boks yarışlarının keçirilməsinə rəhbərlik edib.

Peşəkar Boks Federasiyası promouter şirkətləri ilə təşkil edilən döyüşlərin qaydalara uyğun aparılmasını təmin edən qurumdur.

Rəylər

OXŞAR XƏBƏRLƏR