Azərbaycan daha beş minaaxtaran it alır

Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həm maddi-texniki bazasının genişləndirilməsi, həm də potensialın artırılması istiqamətində davamlı işlər görür.

Agentlikdən verilən məlumata görə, daha beş baş xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ümumilikdə 30 baş minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 baş itin 2023-cü ilin ilk yarım illiyinədək göndərilməsi nəzərdə tutulub.

Öncəki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçiləri ilə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak edərək, “Böyük Qayıdış” layihəsinin reallaşdırılması istiqamətində təhlükəsiz mühitin yaradılmasında öz xüsusi töhfələrini verir.

Qeyd edək ki, minaaxtaran itlərin mərhələli şəkildə Azərbaycana gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR