Avstraliyadakı universitetlər süni zəka əsaslı ChatGPT-ya qarşı çıxıblar

Avstraliyadakı universitetlər imtahanların və biliklərin qiymətləndirilməsi yolunda təşkil edilən digər tədbirlərin keçirilmə üsullarını süni zəka əsaslı ChatGPT çat-botu səbəbilə dəyişmək məcburiyyətində qalıblar. Belə ki, universitetlərin rəhbərləri narahatdırlar ki, tələbələr esselərin və digər materialların tərtib edilməsində sözügedən çat-botdan istifadə edirlər. OpenAI tərəfindən yaradılmış ChatGPT-nın istifadəsinə keçən ilin sonuna yaxın start verilsə də, o, artıq Nyu-Yorkun dövlət məktəblərində qadağan edilib.

Bununla yanaşı bir neçə müddət bundan öncə məlum olub ki, hackerlər ChatGPT-dan zərərli proqram təminatı kodlarının yaradılmasında istifadə edirlər. Avstraliyadakı universitetlərdə isə süni zəka tərəfindən asanlıqla generasiya edilə bilən esselərdən əlavə olaraq tələbələrin laboratoriya şəraitində sınaqdan keçmələri üsuluna geri dönüş edilib. Məlumatda qeyd edilib ki, bəzi tələbələr sözügedən çat-botdan artıq istifadə ediblər. Sidney Universitetinin təmsilçiləri bildiriblər ki, süni zəkanın istifadəsi ilə yaradılan kontentlər saxtakarlığa bərabərdir.

Bununla belə onlar etiraf ediblər ki, gələcəkdə süni zəka adi alətə çevriləcək. Lakin indidən tələbələri ondan düzgün şəkildə istifadə etməkdə təlimatlandırmaq lazımdır. Məlumata əsasən Yeni Cənubi Uels Universitetində mətnləri generasiya edən sistemlərlə mübarizə üçün nəzərdə tutulmuş bəzi üsullar hazırlanıb. Lakin onların barəsində ətraflı bir məlumat təqdim edilməyib. Bununla belə həmin üsullar artıq tələbələr tərəfindən yazılmış esselərin yoxlanılmasında istifadə edilir. Universitetlərin təmsilçilərinin fikirlərinə əsasən mətnlərin generasiya edilməsində süni zəkadan istifadə öz növbəsində akademik dürüstlüyü pozur və təhsil müəssisələri üçün ciddi problemə çevrilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR