Avropa dövləti yaşlı şəxslər üçün “AstraZeneca”dan imtina etdi

İspaniya Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” tərəfindən istehsal olunan koronavirus peyvəndinin yaşlı şəxslər üçün istifadəsini rədd edib.

“The Local” xəbər verir ki, yalnız 55 yaşınadək ispaniyalılar sözügedən peyvəndlə vaksinasiya olunacaqlar.

Ölkənin Səhiyyə Nazirliyi digər Avropa ölkələrindən gələn həkimlərin tövsiyələri ilə razılaşıb. Onlar yaşlı xəstələrdə bu peyvəndin effektivliyi və təhlükəsizliyi ilə bağlı məlumatların yetərli olmadığını düşünürlər.

Avropa İttifaqı dərman tənzimləyicisinin (European Medicines Agency) peyvəndi hər yaşda istifadə üçün təsdiqləməsinə baxmayaraq, Almaniya Səhiyyə Nazirliyi 65, İspaniya, Fransa, Avstriya, Belçika, Niderland və İsveç kimi ölkələr isə 55 yaşı bu peyvəndi qəbul etmək üçün maksimum hədd təyin ediblər.

İspaniya Səhiyyə Nazirliyinin planlarına görə, yayın sonuna qədər ölkə əhalisinin 70 faizdən çoxu peyvənd olunmalıdır. Hazırda 46 milyon əhalidən yalnız iki milyonu vaksinasiya edilib.

Xatırladaq ki, Cənubi Afrikada sözügedən vaksinin koronavirusun yeni ştammına təsirinin olmaması əsas gətirilərək, istifadəsi dayandırılıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR