Ən təhlükəsiz messencer hansıdır? – FOTO

Gündəlik həyatda messencerdən istifadənin rahatlığı birbaşa olaraq hər bir konkret tətbiqin təhlükəsizlik sistemindən asılıdır.

Bu barədə Rəqəmsal İqtisadiyyat Liqasının informasiya təhlükəsizliyi üzrə eksperti Andrey Slobodçikov bildirib.

Onun sözlərinə görə ən təhlükəsiz, lakin istifadəçilərə görə çox da rahat olmayan messencerlər “Signal”, “Threema”, “Wickr Me”dir.

“Bununla belə, hətta ən təhlükəsiz messencerlərdə də sızmalar olur”, – deyə o bildirib və misal olaraq cari ilin avqustunda baş vermiş vəziyyəti göstərib. Həmin vaxt “Signal” messencerinə xidmət göstərən şirkətin sındırılması nəticəsində təxminən iki min nömrə və təsdiqləmə kodları sızdırılmışdı.

Mütəxəssis təhlükəsizlik sisteminə görə ən etibarlı messencerin “Viber” olduğunu bildirib.

“İstifadəçilər arasında ən populyar messencerləri nəzərə alsaq, “Viber” və “Telegram” təhlükəsizlik və rahatlıq nisbəti baxımından layiqli səviyyəyə çatır. “Viber” bütün yazışmalarda “başdan-sona” (“end-to-end”) şifrələmə funksiyasını və məlumatı şirkətin serverlərinə ötürmədən kontakt əlavə etmək imkanı vasitəsilə təhlükəsizliyi təmin edir. “Telegram” özünəməxsus “MTProto” protokolunu tətbiq edir, ancaq “başdan-sona” şifrələmə üsulu yalnız məxfi çatlar üçün mövcuddur”, – deyə ekspert  bildirib.

O əlavə edib ki, “Viber” metaməlumatların qismən şifrələnməsini təmin edir (“WhatsApp” və “Telegram”da bu, təmin edilmir).

“Digər tərəfdən, “Viber” yuxarıda qeyd olunan messencerlərdən əhəmiyyətli dərəcədə daha çox metaməlumatlar toplayır”, – deyə Slobodçikov sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Slobodçikov “WhatsApp”ı çoxlu sayda kritik boşluqlarına görə ən təhlükəli messencer adlandırmışdı.

Mənbə: Praym

Rəylər

OXŞAR XƏBƏRLƏR